GİRİŞ
Türk etnosunun qədim tarixinə işıq salan bəlgələr sırasında daşbaba gələnəyi önəmli yer tutur. Bu yöndə aparılan araşdırmalarda doğru və yanlış yorumlar, alınan nəticələr bir daha gözdən keçiriləndə alınan sonuclar Urmu teoriyasının prototürklərin Atayurdu kimi təsbit etdiyi Ön Asiyadan olan miqrasiyalarla daşbaba gələnəyinin Avrasiya cöllərinə yayılma çağlarını və yönlərini aydınlatmağa yardım edən bilgiləri də artırdı.
Həm də bəlli oldu ki, bəlgələr artdıqca türk mifologiyasındakı daş kultu etnoqrafik daş nəsnələrin ayrı-ayrılıqda deyil, yalnız sistemli şəkildə öyrənilməsi ilə aydınlaşa bilir.
Ona görə də, bu bitikdə əsas mövzu daşbaba gələnəyi olsa da, balbal, mengir kimi dikilidaşlar, daşbaba gələnəyilə birbaşa bağlantısı olan kurqan kulturu və basırıq gələnəyində daşdan yonulmuş mahiyətcə daşbaba ilə oxşar at, qoç heykəlləri və daşbaba gələnəyinin Azərbaycandan ətraf ölkələrə yayılma yönlərinə işıq tutan başqa daşişləmə nəsnələrindən də danışmaq gərəkir...
SONUC
Türk daşbaba gələnəyi m.ö. III minildən günümüzəcən 150-dən çox dövlət qurmuş bir etnosun basırıq-kurqan kulturunda yaranmış və 5-6 minil boyu davam edən bu türk
daş yaddaşı köçlərlə ayrı-ayrı bölgələrə daşınmışdır. Urmu teoriyası üçün önəmli tarixi bəlgələrdən olan daşbaba bədizləri türk boylarının tarixi, etnoqrafiyası, daş plastika sənəti, tarixi coğrafiyası baxımından önəmli tutalqadır. Bu tutalqadan tutub keçmiş çağlara qayıtmaq, türklərin əsrlərlə keçdiyi yerlərə getmək və onların tarixboyu haralarda köç saldığını görmək olur. Nə yazıq ki, hələ də belə tarixi tutalqaları görməzdən gəlib də, türkün qədim tarixini yazanlar vardır....
Arxeoloji ədəbiyatda daşbaba gələnəyinin amacı və anlamı (semantikası) haqqında müxtəlif yorumlar vardır, ancaq bu yöndə ortaq sonuca varmaq üçün mövcud arxeoloji, etnoqrafik, mifoloji və yazılı qaynaqlara dayanmaq gərəkir.
Belə bəlgələr isə az deyil, belə ki, 629-659 ilərini qapsayan Çjouşu, Suyşu, Beyşi və daha sonralara aid Sin-Tanşu kimi Cin xronoloji tarixində və orta çağ səyyahların əsərlərində, Göytürk yazılarında, türk yas kulturunun mifoloji qatında və
Qırğız elində son çağlara qədər olduğu kimi bəzi türk boylarının etnoqrafiyasında hələ yaşarı olan və arxeoloqların canlı təmasda ola biləcəyi daşbaba bədizləri də ortalıqdadır. Sadalanan qaynaqlardan bir qismini incələyib, oradakı bəlgələrdən
yararlanan arxeoloq L. A. Kızlasov yazır:
«Beləliklə, indi bəlli faktlar toplusu belə yeganə mümkün yoruma gətirir ki, qədim türklərin yapdığı daş bədizlər yas törənilə bağlı olub, ölən ərənin görkəmini əks etdirir».
Prof.Dr.Feridun Ağasıoğlu "Daşbaba"
.............